Skip to main content

Azərbaycan Sərtlər və Qaydalar

ARASINDA BAĞLANMIŞDIR.

MADDƏ 1
MÜQAVİLƏNİN PREDMETİ

1.1. İcarəçi İcarəyə verəndən bu Müqavilənin şərtlərinə uygun olaraq I Qoşmada qeyd olunan avadanlığı (bundan sonra “Avadanlıq” adlanacaq) İcarəçiyə icarəyə verməsini xahiş etmiş və bunun müqabilində İcarəyə verənə bu müqavilənin şərtlərinə müvafiq haqq ödəməyə razılaşmışdır.

1.2. Bu Müqavilə üzrə icarəyə başlamazdan əvvəl İcarəçi İcarəyə verənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməsi barədə şəhadətnamənin surətini, notarial qaydada təsdiq olunmuş Etibarnamə və ya imza edənə İcarəçi adından müqavilə bağlamaq səlahiyyətinin verildiyini təsdiq edən hər hansı digər sənədi, eləcə də Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən ən son çıxarışı (bu müqavilənin imzalanmasından ən tezi bir həftə əvvəl alınmış olmalıdır) təqdim etməlidir.

1.3. Aşağıdakı sənədlər bu Müqavilənin tərkib hissəsi hesab olunacaq:

1. İcarə müqaviləsi və ya xüsusi texnikanın icarəsinə dair ümumi qaydalar və şərtlər;
2. I Qoşma: İlkin İcarə Haqqı və İcarə müddəti;
3. II Qoşma: İcarəyə verənin Avadanlığın icarəsi ilə bağlı təklifi.

MADDƏ 2
ANLAYIŞLAR


2.1. Bu Müqavilənin mətnində başqa cür nəzərdə tutulmadığı təqdirdə, aşağıda qeyd olunan söz və ifadələr bu Müqavilədə aşağıdakı mənaları ifadə edəcək:
“İcarə müqaviləsi və ya xüsusi texnikanın icarəsinə dair ümumi qaydalar və şərtlər” İcarəyə verən və İcarəçi arasında bağlanan bu İcarə Müqaviləsi, ona qoşmalar, əlavələr, eləcə də İcarəyə verən və İcarəçi arasında yazılı razılığa əsasən Müqavilənin tərkib hissəsini təşkil edəcək gələcək dəyişikliklər və əlavələrdə nəzərdə tutulan bütün qaydalar və şərtlər.

“İş günü” İcarəyə verən tərəfindən başqa cür müəyyən olunmadığı təqdirdə 8 (səkkiz) saat olmalıdır.

“İcarə xərcləri” İcarə haqqı və xidmət haqqı deməkdir.

“İcarə müddəti” Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Avadanlığın İcarəyə verənin anbarını və ya son saxlanıldığı yeri tərk etdiyi vaxtdan İcarəyə verənin anbarına və ya İcarəyə verən tərəfindən göstərilən hər hansı digər yerə geri verildiyi tarixədək olan müddət. Avandalığın daşınması İcarəyə verən tərəfindən həyata keçiriləcəyi təqdirdə İcarəçi Avadanlığı qəbul etməyə hazır olmazsa və bu səbəbdən Avadanlıq İcarəyə verənin bazasını tərk etməyə maneə olarsa, İcarə müddəti Avadanlığın fiziki olaraq İcarəyə verənin bazasını tərk etməməsinə baxmayaraq icarə müddətinin axımı başlamış olacaq.

“İcarəçi /Sifarişçi” İcarəçi və ya onun hüquq varisi (varisləri), nümayəndələri və ya hüquqlarını güzəşt etdiyi şəxslər.
“İcarəyə verən/ Aggreko” Avadanlığı icarəyə vermək və ona xidmət göstərmək üçün müqavilə bağlamaq səlahiyyətinə malik olan “Aggreko (Middle East) Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı

“Hesab-faktura” Bu Müqavilə ilə əlaqədar İcarəçi tərəfindən edilməli olan ödənişlərlə bağlı İcarəyə verən tərəfindən İcarəçiyə təqdim olunan hesab-faktura və ya hesab-fakturalar.

“Avadanlıq və ya xüsusi texnika” İcarəçi tərəfindən İcarəyə verəndən icarəyə götürülmüş bütün generator, avadanlıq, alət, kabel, kabel barabanı, treyler, yanacaq çənləri və bu qəbildən olan mexanizm, aqreqatlar və digər hissələr nəzərdə tutulur.

“Tərəf” və ya “Tərəflər” İcarəyə verən və İcarəçi birlikdə “Tərəflər”, ayrılıqda isə “Tərəf” kimi adlandırılır.

“Təklif” İcarəçi tərəfindən yazılı şəkildə təsdiq edilməklə və ya Avadanlığı fakitiki istifadə etməklə qəbul edilən, Xüsusi texnikanın icarəyə verilməsinə dair Aggrekonun yazılı təklifi. Təklif Xüsusi texnikanın icarəsinə dair bu ümumi qayda və şərtlərin ayrılmaz tərkib hissəsi hesab edilir.

“Sahə” İcarəçinin göstərişinə əsasən Avadanlığın daşındığı (və ya daşınmalı olduğu) sahə.

“İcarənin həcmi” I Qoşmada göstərilən Avadanlığın icarəsi və xidmətlərin göstərilməsi

“Həftə” ardıcıl yeddi (7) təqvim günü.

“İş həftəsi” Bazar ertəsi səhər saat 9.00-dan Cümə günü saat 18.00 də daxil olmaqla.

“Ay” təqvim günlərinin sayından asılı olmadan ardıcıl 30 (otuz) gün olmaqla.

2.2. Müqavilədə Maddələrə bütün istinadlar bu Müqavilənin maddələrinə istinadlardır.

2.3. Tək halında işlədilən sözlər mətndə tələb olunduğu yerlərdə həmçinin cəm halını da ifadə edir və ya əksinə.

2.4. Bu Müqavilədə başqa cür qeyd olunmadığı təqdirdə, Müqavilənin şərtləri əlavələrə münasibətdə üstün qüvvəyə malikdir.

MADDƏ 3
TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

3.1. Bu Müqaviləyə əsasən Avadanlığın icarəsinə görə İcarəçi tərəfindən İcarəyə verənə ödəniləcək icarə haqqı müqabilində İcarəyə verən, bu Müqavilədə göstərilən şərtlərə və müddəalara müvafiq olaraq bu razılaşmanı yerinə yetirmək və başa çatdırmaq üçün lazım olan ağlabatan bütün hərəkətləri lazımı qaydada yerinə yetirməyi öhdəsinə götürür.

3.2. Razılaşmanın müvafiq qaydada yerinə yetirilməsi və başa çatdırılması müqabilində İcarəçi öz adından, eləcə də hüquqi varisləri və nümayəndələri adından bu Müqaviləyə əsasən İcarəyə verənə ödənilməli olan məbləğləri İcarəyə verənə vaxtında ödəmək barədə öhdəlik götürür.

MADDƏ 4
İCARƏNİN BAŞLAMASI, MÜDDƏTİ VƏ HƏCMİ


4.1. Müqavilə 1(bir) il ərzində qüvvədədir və Tərəflərdən heç biri Müqavilənin müddətinin bitməsinə 15 (on beş) gün qalanadək ona xitam verilməsi barədə yazılı şəkildə qarşı tərəfə bildiriş verməzsə, avtomatik hər növbəti müddət üçün uzadılmış hesab edilir. 9, 10, 11, 13, 16, 19-cu maddələrin müddəaları Müqavilənin başa çatma müddəti və ya Müqaviləyə vaxtından əvvəl xitam verildiyi tarixdən sonra da etibarlı olmalıdır.

4.2. İlkin icarə müddəti bu Müqaviləyə I Qoşmada göstərilmişdir. Ondan sonra Avadanlıq icarəyə verilərkən hər dəfə İcarə müddəti bu Müqavilənin tərkib hissəsi hesab edilən yazılı əlavədə təsbit ediləcəkdir.

MADDƏ 5
İCARƏNİN ÜMUMİ ŞƏRTLƏRİ


5.1. İcarəyə verən Avadanlığı İcarəçinin Sahəsinə İcarəçinin hesabına çatdıracaqdır. Avadanlığın İcarəçinin iş sahəsində İcarəyə verəndən İcarəçiyə təhvil verildiyi zaman İcarəyə verən və İcarəçinin nümayəndələri arasında Təhvil-təslim aktı imzalanmalıdır. Təhvil-təslim aktı imzalandıqdan sonra Avadanlıq İcarəyə verənin Sahəsinə qaytarılanadək, ehtiyatsızlıq, xəta və ya onların səbəbləri ucbatından baş verməsindən asılı olmayaraq, Avadanlığa dəyə biləcək hər hansı zərər və (və ya) itki İcarəçi tərəfindən qarşılanacaq və İcarəçi Avadanlıqla bağlı itki və zərərə görə bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulan qaydada tam məsuliyyət daşıyacaqdır.

5.2. Əgər İcarəyə verən Avadanlığı hazırlamış və İcarəçiyə Avadanlığı çatdırmağa hazır olduğunu bildirmişsə, lakin İcarəçi və ya onun Sahəsi Avadanlığı qəbul etməyə hazır deyilsə, İcarəçi I Qoşmada (İlkin İcarə Haqqı və İcarə Müddəti) və ya bu Müqaviləyə gələcəkdə imzalanacaq əlavələrdə göstəriləcək müvafiq İcarə Dövrü üçün İcarə haqqını İcarəyə verənə ödəməli və İcarəyə verənin bu Avadanlığın hazır vəziyyətə gətirilməsi, Avadanlığın son yerləşdiyi yerdən daşınması və (və ya) orada saxlanılması ilə bağlı çəkdiyi hər hansı zərər və xərcləri ödəməlidir.

5.3. Əgər Avadanlıq Sahəyə çatdırıldıqdan sonra 3 iş günü ərzində İcarəyə verən bunun əksinə dair yazılı xəbərdarlıq almazsa, Avadanlıq lazımı qaydada və İcarəçini qane edəcək şəkildə çatdırılmış və (və ya) quraşdırılmış və I Qoşmada (İlkin İcarə Haqqı və İcarə Müddəti) ilkin İcarə Müddəti üçün müəyyən edilmiş və ya bu Müqaviləyə gələcəkdə imzalanacaq əlavələrdə müvafiq İcarə Müddəti üçün nəzərdə tutulacaq İcarə haqqının hesablanması məqsədləri üçün işə başlamış hesab ediləcəkdir.

5.4. İcarə müddəti bitdikdən sonra və ya Müqaviləyə xitam verildikdən sonra (hansı daha tez baş verərsə) İcarəçi Avadanlığı İcarəyə verənin binasına və ya İcarəyə verən tərəfindən göstərilən və İcarəçinin razılaşdığı yerə təhvil verməlidir.

5.5. Daşınma və müvafiq sığorta ilə bağlı xərclər İcarəçi tərəfindən ödənilməlidir və İcarəyə verən tərəfindən tələb olunarsa, İcarəçi Avadanlığın İcarəyə verən tərəfindən müəyyən edilmiş yerdən Sahəyə daşınmasını və İcarə Müddəti bitdikdən sonra Sahədən təhvil alındığı yerə daşınmasını təmin etməlidir. Əgər İcarəçinin səhlənkarlığı və ya avadanlıqdan düzgün istifadə etməməsi səbəbindən Avadanlığın təmir məqsədilə daşınması zərurəti yaranarsa, Avadanlığın İcarəyə verən tərəfindən müəyyən edilən yerə çatdırılması ilə bağlı bütün xərclər İcarəçi tərəfindən ödənilməlidir. Avadanlığın İcarəyə verənə qaytarılması Təhvil-təslim aktının imzalanması ilə rəsmiləşdirilməlidir. Avadanlığın Xəzər dənizi hövzəsində və ya Azərbaycan sərhədlərindən kənarda yerləşən platformada və ya gəmidə istifadə ediləcəyi halda, İcarəyə verənin hər hansı bir avadanlığı istifadə edilməzdən əvvəl İcarəçi İcarəyə verənə onun avadanlığını müvafiq qaydada sığorta etdirdiyini göstərən sənədləri təqdim etməlidir. İcarəçi İcarəyə verəndən əlavə haqq müqabilində sığortanın təmin edilməsini xahiş edə bilər.

5.6. İcarəyə verənin əvvəlcədən yazılı razılığı olmadan Müqavilə və ya bu Müqavilədən irəli gələn hər hansı hüquqlar, vəzifə və ya öhdəliklər qismən və ya bütövlükdə İcarəçi tərəfindən hər hansı digər tərəfə ötürülə və ya verilə bilməz. İcarəçi Avadanlığı ikinci əldən icarəyə verə bilməz.

MADDƏ 6
TEXNİKİ XİDMƏT


6.1. İcarəçi İcarə müddəti ərzində Avadanlığın təhlükəsiz şəraitdə saxlanması, ona texniki xidmət göstərilməsi və təyinatına uyğun istifadəsini təmin etməlidir. Bunlara aiddir:
• İcarəyə verənin təlimatlarına və müvafiq qaydalara uyğun Avadanlığım mütəmadi yağlanması və ona texniki xidmət göstərilməsi;
• Avadanlıqdan onun müəyyən edilmiş güc göstəriciləri çərçivəsində və xüsusiyyətlərinə müvafiq, eləcə də tətbiq edilən qanun və qaydalara uyğun istifadə edilməsi;
• İcarəyə verənin əvvəlcədən razılığı olmadan Avadanlığı duzlu su mühitində, korroziyalı kimyəvi reagentlər və ya digər təhlükəli şərtlər olan yerlərdə Avadanlığın istifadə edilməsinin qadağan edilməsi;
• Avadanlığın istifadəsi üçün əlverişli uyğun şəraitin yaradılması, o cümlədən zəruri sahənin hazırlanması;
• Tətbiq edilən qanun və qaydaların pozulmasının qarşısının alınması məqsədilə yağlanma və soyutma sisteminin mütəmadi yoxlanması və Avadanlıqdakı hər hansı qüsurların və ya zədələrin dərhal aradan qaldırılması.
İcarəçi bu öhdəliklərə əməl edilməməsi nəticəsində yarana biləcək hər hansı zədə, itki və ya qəzalara, o cümlədən təmir xərclərinə, fasilələr zamanı İcarə haqqının ödənilməsinə və zəruri hallarda Avadanlığın dəyişdirilməsinə görə məsuliyyət daşıyır.

6.2. İcarəçi Avadanlığı icarə müddətinin sonuncu günündən sonrakı iş günü, səhər saat 10:00-a qədər qaytarmalıdır. İcarəyə verən tərəfindən başqa cür təlimatlandırılmamışdırsa, geri qaytarma yeri İcarəyə verənin anbarı olacaqdır. İcarəçi Avadanlığın icarə müddəti başa çatdıqdan sonra, normal köhnəlmə nəzərə alınmaqla, Avadanlığı icarə müddətinin əvvəlində təhvil aldığına uyğun və təyinatına uyğun istifadəyə yararlı vəziyyətdə İcarəyə verənə qaytarmaq üçün tam məsuliyyət daşıyır. Avadanlığa kabel daxil olduqda, İcarəçi kabelin təchiz olunmuş barabanlara geri çəkilməsinə cavabdehdir. İcarəçi, onun işçilərinin və ya nümayəndələrinin hər hansı səhlənkarlığı və ya digər təqsiri ilə əlaqədar olub-olmamasından asılı olmayaraq, hər hansı səbəbdən Avadanlığı qaytara bilmədikdə, İcarəyə verən qarşısında aşağıdakılar üçün məsuliyyət daşıyır:

(I) Avadanlığın dəyişməsi və bununla bağlı bütün xərclərin və məsrəflərin ödənilməsi;
(II) 6.2 (I) bəndində göstərildiyi kimi Avadanlığın dəyişdirilmə tarixinə qədər Avadanlıq üçün icarə haqqının ödənilməsi.

6.3. İcarəçi istənilən uyğun vaxtda İcarəyə verənə xidmət göstərənlərin, nümayəndələrinin və sığorta edən şirkətinin Avadanlığı yoxlamaq, sınaqdan keçirmək, nizamlamaq, texniki xidmət göstərmək, təmir etmək və ya yenisi ilə əvəz etmək üçün Avadanlıq olan sahəyə daxil olmasına icazə verməlidir. İcarəçi bu məqsədlərlə, eləcə də Avadanlığın çatdırılması və daşınması üçün sahəyə təhlükəsiz və lazımi şəkildə girişi təmin etmək üçün məsuliyyət daşıyır və İcarəçinin təhlükəsiz və lazımi girişi təmin edə bilməməsi və ya bunu gecikdirməsi nəticəsində İcarəyə verən və ya İcarəyə verənə xidmət göstərən şəxslər, nümayəndələr və ya sığorta şirkətlərinə dəyən bütün itki və ya zərərə görə də İcarəçi məsuliyyət daşıyır. İcarəçi Sahəyə giriş əldə etməklə bağlı bütün xərclər üçün cavabdehdir. Buraya qeydiyyat rüsumları, müraciət rüsumları, lisenziyalar və icazələr daxildir, lakin bununla məhdudlaşmır.

6.4. Avadanlığa cari texniki baxış və xidmət göstərilməsi vaxtının çatması barədə İcarəyə verən tərəfindən İcarəçiyə bildiriş verildikdən sonrakı bir həftə ərzində İcarəçi Avadanlığın olduğu əraziyə İcarəyə verənin daxil olmasına şərait yaratmalıdır. Normal iş saatları ərzində bu cür cari texniki baxışa və ya xidmətin göstərilməsinə görə İcarəçiyə hesab təqdim edəcəkdir (əgər başqa cür razılaşdırılmamışsa). Lakin əgər İcarəçi Avadanlığı bu məqsədlər üçün İş saatlarından kənar vaxtda təmin edərsə, bu zaman İcarəyə verən iş vaxtından artıq görülən işə görə əlavə haqq almaq hüququna malikdir.

6.5. 6.3-cü Maddənin şərtlərinə baxmayaraq, İcarəçi İcarə Müddəti başladıqdan sonra, yaxud hər dəfə Avadanlığa son xidmət göstərildikdən sonra Avadanlıq 300 saat işlədikdən sonra bu barədə İcarəyə verəni xəbərdar etməlidir. Bu məlumatın İcarəyə verən tərəfindən alınmasından sonra bir həftə ərzində xidmət göstərilərsə, bu cür xidmətin dəyəri adi tariflərlə hesablanacaqdır. İcarəçinin İcarəyə verəni bu Maddədə qeyd olunan qaydada xəbərdar etməməsi səbəbindən Avadanlıq 300 saat işlədikdən sonra bir həftə ərzində ona xidmət göstərilmədiyi təqdirdə, İcarəçi, əlavə olaraq, Avadanlığın növbəti xidmət və lazım olan hər hansı təmir xərclərini ödəməklə İcarəyə verənə Avadanlığın köhnəlməsi və zədələnməsinə görə kompensasiya ödəməlidir. İcarəyə verən bu Maddədə göstərildiyi kimi İcarəçi tərəfindən göndərilən bildirişi aldıqdan sonra bir həftə ərzində Avadanlığa xidmət göstərə bilmədiyi təqdirdə, növbəti xidmət və lazım olan hər hansı təmir xərcləri İcarəyə verən tərəfindən ödəniləcəkdir.

6.6. Əgər torpaq Avadanlığın onun üzərində işləməsi üçün və ya taxta və ya ekvivalentləri olmadan daşınması üçün yumşaqdırsa və ya münasib deyilsə, İcarəyə verən Avadanlığın onun üzərindən daşınması və ya üzərində işləməsi üçün münasib taxta lövhələr təchiz etməli və onları lazımı vəziyyətdə yerləşdirməlidir.

6.7. Yanacaq, yağ, sürtkü yağları və sərinlədici İcarəçi tərəfindən təmin edilərsə, onlar İcarəyə verənin müəyyən etdiyi keyfiyyətdə və növdə olmalıdır. İcarəçi tərəfindən Avadanlıq üçün nəzərdə tutulmayan və ya tələblərə uyğun olmayan materialların istifadəsi nəticəsində yaranan və ya bununla bağlı hər hansı itki və ya zərər üçün məsuliyyət daşıyır.

6.8. Müqavilənin 6.1., 6.5. və 6.7. bəndləri nəzərə alınmaqla, yalnız adi istifadə, köhnəlmə və ya İcarə Müddəti başlamazdan əvvəl müvafiq yoxlama ilə müəyyən edilə bilinməyən nasazlıqlar nəticəsində Avadanlığın sınması və ya ondakı zədələr İcarəyə verənin mülahizəsinə əsasən ya İcarəyə verənin hesabına və mümkün qədər qısa müddətdə təmir oluna bilər və bu halda Avadanlığın sınması haqqında xəbərdarlıq göndərildiyi tarixdən Avadanlıq təmir olunana qədər İcarəçi İcarəyə verənə heç bir ödəniş etməyəcəkdir və yaxud alternativ olaraq, İcarəyə verən Avadanlığı başqası ilə əvəz edə bilər. Əgər təmir praktik cəhətdən mümkün deyilsə və Avadanlığı əvəz etmək üçün başqa Avadanlıq yoxdursa, İcarəyə verən bu Müqaviləyə xitam verə bilər və Müqavilənin bu cür ləğv olunmasına və ya sınmaların səbəb olduğu hər hansı nəticələrə görə İcarəyə verən İcarəçi qarşısında heç bir məsuliyyət daşımayacaqdır.

6.9. Avadanlığın sınması və ya hər hansı bir hissəsinin pis işləməsi haqqında İcarəyə verənə dərhal xəbər verilməlidir. Qeyd olunan məqsədlə göndərilən bildiriş İcarəyə verən tərəfindən alınmayana qədər hüquqi qüvvəyə malik olmayacaqdır. İcarəyə verənin aşkar razılığı olmadan İcarəçi özü təmir etməyə cəhd göstərməməlidir.

6.10. Əlverişsiz hava və ya torpaq şəraiti də daxil olmaqla, İcarəyə verəndən asılı olmayan səbəblər nəticəsində Avadanlıqdan istifadənin dayandırılmasına görə icarə xərclərindən azad olma və ya hər hansı iddalar İcarəyə verən tərəfindən qəbul olunmacayaqdır. Hər hansı Avadanlığı yumşaq torpaqdan çıxarmağa çəkilən xərc və məsrəflərə görə yalnız İcarəçi məsuliyyət daşımalıdır.

6.11. Avadanlıqda istifadə operatora həvalə edildikdə operator İcarəçinin və ya onun nümayəndəsinin nəzarəti və göstərişləri əsasında işləməli, İcarə Müddəti ərzində o, İcarəçiyə xidmət göstərən şəxs hesab olunmalı və onun bütün hərəkət və səhlənkarlığına (ehtiyatsızlıq və qəsdən edilmiş hərəkətlər, və səhlənkarlıqlar daxil omaqla) görə İcarəçi öz birbaşa işçisi üçün daşımalı olduğu qədər məsuliyyət daşımalıdır. İcarəyə verənin əvvəlcədən yazılı razılığı olmadan İcarəçi hər hansı başqa şəxsə Avadanlığı işlətməyə icazə verməməlidir.

MADDƏ 7
İCARƏÇİNİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ


7.1 İcarə Müddətinin əvvəlində Avadanlığın çatdırıldığı, gətirildiyi və ya göndərildiyi Sahədən İcarəyə verənin yazılı razılığı olmadan daşına bilməz.

7.2. İcarəyə verənin yazılı razılığı olmadan Avadanlıq və ya onun hər hansı hissəsi hər hansı üçüncü tərəfə sub-icarəyə və ya istifadəyə verilə bilməz. İcarəçi Avadanlığı həbs və müsadirədən qorumalı və bu Maddəyə müvafiq olaraq öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranan bütün itki, zərər, xərc və məsrəflərə görə İcarəyə verənə kompensasiya ödəməlidir.

7.3. İcarəçi razılaşır və bəyan edir ki, Avadanlıq İcarəyə verənin müstəsna mülkiyyətindədir və öhdəsinə götürür ki, heç bir halda İcarəçi Avadanlığı sata, ötürə və ya üzərində sərəncam verə (və ya onu satmaq, ötürmək və ya üzərində sərəncam vermək üçün hər hansı bir müqavilə bağlaya) və ya ondan zəmanət, girov kimi istifadə edə və ya başqa şəkildə yüklü edə bilməz, eləcə də İcarəyə verənin əvvəlcədən yazılı razılığı olmadan Avadanlığı hər hansı torpaq və ya sahəyə onunla birlikdə miras əmlak kimi ötürülə biləcək şəkildə birləşdirə bilməz.

7.4. Yuxarıda qeyd olunanlarla ziddiyət yaratmadan, EMT qaydaları da daxil olmaqla, Avadanlığın quraşdırılması, istifadəsi və əməliyyatına tədbiq olunan və aid olan bütün müvafiq qanunvericilik, daxili hüquqi sənədlər və tənzimləyici sənədlərə riayət edilməsinə İcarəçi məsuliyyət daşımalıdır. Bu Müqavilədə nəzərdə tutulan hər hansı müddəaya baxmayaraq, Avadanlığın hər hansı qeyri-qanuni məqsədlərlə istifadəsinə görə yalnız İcarəçi məsuliyyət daşıyır.

MADDƏ 8
İCARƏ HAQQI


8.1. İlkin İcarə Müddəti üçün İcarəçi I Qoşmada göstərilən İcarə Haqqı məbləğində ödəniş edilməlidir.

8.2. İlkin İcarə Müddətindən sonrakı dövrlər üçün İcarə Haqqı və İcarə Müddəti bu Müqaviləyə yazılı əlavələrlə müəyyən edilir.

8.3. Avadanlığın ilkin icarəsi üçün İcarə haqqı İcarəçi tərəfindən öncədən olaraq ödənilir və Avadanlığın ilkin icarə dövrü ərzində istifadəsini əhatə edir.

8.4. Hesab-fakturalar İcarəçi tərəfindən göndərildikdən sonra bir (1) gün ərzində ödənilməlidir. İcarəçi ödənişin həyata keçirilməli olduğu gündə ödənişi həyata keçirə bilməzsə, İcarəçi, ödəmədiyi və ya gec ödəniş etdiyi həmin öhdəliyini yerinə yetirməsini təmin etmək üçün İcarəyə verənin çəkə biləcəyi bütün real xərc və məsrəflərin əvəzini (o cümlədən hüquqi xidmətlər üçün məsrəflər) ödəməlidir. Bütün ödənişlər heç bir tutulma və ya qarşılıqlı hesablaşma tətbiq olunmadan İcarəyə verənin hesab fakturasında yazılı şəkildə müəyyən etdiyi bank hesabına ödənilməlidir.

8.5. İngiltərə Bankının kredit faizinə əlavə olaraq İcarəyə verən növbəti uzadılan icarə dövrləri üçün ödənişinin gecikdirildiyi tarixdən etibarən illik beş faiz (5%) həcmində faiz tutmaq hüququna malikdir.

8.6. Bu Müqavilə üzrə bütün maliyyə tələbləri Müqavilənin müddətinin bitməsindən və yaxud ona xitam verildiyi tarixindən sonra 3 (üç) il ərzində irəli sürülə bilər.

8.7. ABŞ dollarında tərtib olunmuş hesablar Azərbaycan Respublikasının Mərkəzi bankının ödəniş gününə müəyyən edilən məzənnəsi ilə ödənilməlidir.

MADDƏ 9
İCARƏÇİ TƏRƏFİNDƏN ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏMƏSİ


Əgər İcarəçi Avadanlığın icarəsinə görə İcarəyə verənə ödənilməli məbləğlərin, eləcə də digər ödənişlərin edilməsini təmin etməzsə və ya Müqavilənin şərtlərini yerinə yetirə bilməzsə, yaxud böhranla üzləşər və ya İcarəçiyə qarşı hər hansı həbs və ya məhkəmə qərarı tədbiq olunarsa və ya öz kreditorları ilə hər hansı razılaşma əldə etmək barədə təklif edərsə, yaxud şirkət olaraq ləğv edilərsə və ya öz vəsait və öhdəliklərinin (istifadə olunmamış kapital daxil olmaqla) hamısı və ya hər hansı hissəsi üçün təsviyyəçi, inzibatçı və ya inzibati təsviyyəçisi təyin edilərsə və ya hər hansı hadisə törədər, törənməsinə səbəb olar və ya buna icazə verərsə və ya təsiri altına düşərsə və bu İcarəyə verənin Avadanlığa olan hüquqlarına xələl gətirə bilərsə və ya onu təhlükəyə məruz qala bilərsə, İcarəyə verən Müqaviləyə xitam vermək hüququna malikdir (İcarəyə verən tərəfindən heç bir xəbərdarlıq edilmədən və əvvəlki öhdəliklərin yerinə yetirilməməsi və ya oxşar və ya eyni məsələlərlə qarşılaşarkən öz hüquqlarından imtina etməsinə baxmayaraq). Əgər İcarəyə verən Müqaviləyə xitam vermək hüququnu seçərsə, bu zaman qeyd olunan Avadanlığın geri alınması İcarəyə verən üçün qanuni olacaqdır və İcarəyə verən bu məqsədlə hər hansı sahəyə girə bilər və bu vəziyyət Müqavilə üzrə İcarəçi tərəfindən İcarəyə verənə ödənilməli hər hansı məbləğlərin və ya Müqaviləyə xitam verilməsi nəticəsində yaranan zərərin ödənilməsini tələb etmək hüququna təsir göstərməyəcəkdir.

MADDƏ 10
ƏQLİ MÜLKİYYƏT


İcarəçi İcarəyə verən tərəfindən təchiz olunan hər hansı məhsul və ya onun hissələrinin surətini çıxartmaq vasitəsilə müəlliflik hüquqları, qeydiyyata alınmış dizayn və ya patent də daxil olmaqla, lakin bununla məhdudlaşmadan, İcarəyə verənin heç bir əqli mülkiyyət hüququnu pozmamalıdır.

MADDƏ 11
SIĞORTA


11.1. İcarəçi Avadanlığı və özünü Avadanlığın Sahədə olması və ya işləməsindən yaranan risklərdən, o cümlədən Avadanlığın itirilməsi, zədələnməsi, yanğın, sel, terrorizm və ya oğurluğa qarşı Avadanlığın dəyərinin 100% həcmində və üçüncü şəxslər və cəmiyyət qarşısında məsuliyyətini öz hesabına sığortalamalıdır. İcarə müddəti başlamadan öncə və başlayarkən İcarəçi İcarəyə verənə bu maddədə göstərilən şərtləri ehtiva edən: sığortaçının adını, şəhadətnamə nömrəsi və sığorta həddini göstərən müvafiq sığorta şəhadətnməsinin surətini təqdim etməlidir. İcarəçi müvafiq sığorta əldə etmədiyi təqdirdə, İcarəçi bu maddəyə uyğun olaraq sığorta öhdəliklərini yerinə yetirənə qədər, İcarəyə verən, Təklifdə göstərilən tariflər üzrə sığorta öhdəliyindən imtina (“IOW”) haqqını tətbiq etmək hüququna malikdir.

İcarəçi həmçinin IOW haqqını ödəməyi seçə bilər.
İcarəçi IOW ödəməyi seçdiyi üçün IOW tətbiq olunduğu hallarda, belə IOW Avadanlığın və ya onun bir hissəsinin məhv olması və ya zədələnməsinə xərclənən işçilik haqlarının ödənməsi və ehtiyat hissələrinin ödənilməsi xərclərini əhatə edir və hər hadisə üçün 2 500 ABŞ dolları həcmində müəyyən edilir. Anlaşılmazlığın qarşısını almaq üçün, IOW aşağıdakıları əhatə etmir:
1) havalandırma kanalların, şlanqların, kabelin və kabel barabanının məhv olması və ya zədələnməsi: və ya Avadanlığın xidmət üçün hazır vəziyyətə gətirilə bilməməsi;
2) Üçüncü şəxslərin İcarəçiyə qarı hər hansı iddiası;
3) Qəsdən, yaxud kobud ehtiyatsızlıqla edilən hərəkət və ya hərəkətsizliyiniz nəticəsində avadanlığa dəyən ziyana görə məsuliyyət;
4) Təmir üçün daşıma xərcləri

Belə risklərlə bağlı İcarəçinin əldə etdiyi hər hansı sığorta ödənişləri İcarəyə verənin tələb etdiyi həddə İcarəyə verənin göstərişi əsasında tətbiq edilir.

11.2. Avadanlığın hər hansı qəza hadisəsi, şəxslərin xəsarət alması və ya əmlaka ziyan dəyməsi ilə bağlı olduğu hallarda dərhal İcarəyə verənə telefon vasitəsilə xəbər verilməli və İcarəyə verənin ofisinə hadisəni yazılı şəkildə təsdiq edilən məlumat göndərilməlidir və İcarəyə verənin razılaşmasına və ya bu Müqavilənin 12.2-ci Maddəsində nəzərdə tutulan ziyana qarşı təminata daxil olmayan hər hansı iddialarla bağlı İcarəyə verənin yazılı razılığı olmadan İcarəçi tərəfindən heç bir təklif olunmamalı, ödəniş və ya kompensasiya vədi verilməməlidir.

MADDƏ 12
MƏSULİYYƏT


12.1. Bu Müqavilənin hər hansı digər şərtlərinə baxmayaraq, İcarəyə verən aşağıdakı hallarda yalnız Avadanlığın məhv olması və ya zədələnməsi və ya işçi heyətinin xəsarət alması ilə bağlı məsuliyyəti üzərinə götürəcək öhdəlikləri qəbul etməlidir:
(I) İcarəyə verənin təchiz etdiyi və ya mülkiyyətçisi olduğu nəqliyyat vasitəsilə daşıma zamanı yolda olan Avadanlığın İcarəçinin sahəsinə çatdırılmasından əvvəl;
(II) Avadanlığın sahədə quraşdırılmasının tam olaraq İcarəyə verənin nəzarəti altında olması şərtilə, Avadanlığın quraşdırılması zamanı;
(III) Avadanlığın Sahədə sökülməsinin tam olaraq İcarəyə verənin nəzarəti altında olması şərtilə, Avadanlığın bu cür sökülməsi zamanı.
Bundan əlavə, Tərəflər razılaşırlar ki, itki və ya zərərə görə hər hansı iddia İcarəçinin hərəkət və ya hərəkətsizliyi (o cümlədən, qəsd və ya ehtiyatsızlıq) nəticəsində yaranarsa, İcarəyə verən heç bir halda bu bənd üzrə məsuliyyət daşımayacaq.

12.2. İcarəyə verənin bu Müqavilədən irəli gələn və ya onunla bağlı zərərə görə məsuliyyəti bu müqavilənin dəyərinin 10 faizi ilə məhdudlaşır.

12.3. Avadanlıq ilə bağlı yaranan və ya onunla əlaqədar, yaxud Avadanlığın istifadəsi və ya onun yerləşməsi nəticəsində baş verən hər hansı itki və ya zərərə görə yalnız İcarəçi məsuliyyət daşımalı və bütün bu cür itki və zərərləri İcarəyə verənə tam şəkildə məsuliyyətdən azad etməlidir. Avadanlığın istifadə olunması və ya yerləşməsi ilə bağlı və ya bunun nəticəsində insanın xəsarət alması və ya əmlaka ziyan dəyməsi ilə əlaqədar hər hansı şəxslər tərəfindən qaldırılan bütün iddialara, eləcə də bununla bağlı qanunvericilikdən irəli gələn bütün xərc və məsrəflərə görə İcarəçi İcarəyə verəni tam şəkildə məsuliyyətdən azad edir. İtki, zərər və ya xəsarətin İcarəçinin hər hansı ehtiyatsızlığı ucbatından baş verib-verməməsindən asılı olmayaraq, yuxarıda qeyd olunan məsuliyyətdən azad etmələr tətbiq edilir.

12.4. Müqavilə şərtlərinin pozulması nəticəsində və ya Müqavilənin qüvvəyə mindiyi zaman və ya qüvvəyə minməsindən əvvəl İcarəyə verənin və (və ya) İcarəçinin etinasızlığı və ya hər hansı digər səbəblər nəticəsində yaranan itkilərə görə, o cümlədən əldən çıxmış fayda və işgüzar nüfuza vurulan zərərə görə, İcarəyə verən heç bir halda İcarəçi qarşısında məsuliyyət daşımayacaqdır.

12.5. İcarəçi öz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində və ya bunlarla əlaqədar olaraq İcarəyə verənin çəkdiyi bütün itkilər, xərclər, ödənişlər, zərərlər və məsrəflər (hüquqi ödənişlər daxil olmaqla) üçün tam məsuliyyət daşıyır və İcarəyə verəni aşağıdakılarla bağlı məsələlərdən tam olaraq məsuliyyətdən azad edir:
a) Qanuna əsasən Avadanlığın istifadəsi və ya yerləşməsi ilə bağlı hər hansı şəxsin qaldırdığı istənilən iddialar;
b) Avadanlığın istismarı, istifadəsi və ya daşınması zamanı hər hansı təhlükəli materialların və ya təhlükəli maddələrin atılması, buraxılması və/yaxud utilizasiyası ilə bağlı hər hansı tətbiq olunan ətraf mühitlə bağlı tətbiq edilən hər hansı qanunun və ya qaydaların pozulması;
c) Avadanlıq üzərində sahiblik hüququnun bərpası və ya Müqavilə üzrə İcarəçinin İcarəyə verənə ödəməli olduğu hər hansı pulun ödənilməsi.

12.6. Bu bənddə qeyd edilən məsuliyyətdən azad etmələr, İcarəyə verənin hər hansı saxtakarlığı və ya səhlənkarlığı nəticəsində yaranan itki, zərər və ya zədələnmə üçün tətbiq edilmir.

MADDƏ 13
ZƏMANƏTİN İSTİSNA OLMASI


13.1. Bu Müqavilədə təfsilatlı şəkildə göstərilənləri nəzərə alaraq, İcarəyə verən Avadanlıq ilə bağlı və ya onun keyfiyyəti və vəziyyəti haqqında və ya hər hansı xüsusi və ya ümumi məqsədlər üçün yararlı olması barədə qanundan irəli gələn və ya digər heç bir zəmanət vermir. İcarəyə verən Avadanlığın daimi, fasiləsiz elektrik enerjisi təchizat etməsi ilə bağlı qabiliyyətinə dair heç bir zəmanət vermir. Daimi, fasiləsiz enerji təchizatı tələb olunarsa, Avadanlıqdan təchizat uğursuz olarsa, Sahədə ehtiyat təchizatının olmasını təmin etmək üçün İcarəçi məsuliyyət daşıyır.

13.2. İcarəçi qəbul edir ki, bu Müqaviləni bağlayarkən o İcarəyə verən, onun işçiləri və ya nümayəndələri tərəfindən Avadanlığın və ya onun istifadəsi, spesifikasiyası, iş qabiliyyəti, gücü və ya hər hansı məqsədlər üçün münasib olması barədə verilən heç bir məsləhət, fikir, təqdimat və ya zəmanətə əsaslanmamışdır.

MADDƏ 14
FORS MAJOR HALLARI


14.1. Tətil və ya digər əmək mübahisələri (İcarəçinin və ya onunla əlaqəli təşkilatların, nümayəndələrinin və ya subpodratçılarının işçilərinin etdiyi tətillər istisna olmaqla), üsyan, təbii fəlakət, sabotaj, qiyam, hər hansı Azərbaycan və digər hökumətin orqanının müdaxiləsi və İcarəyə verənə və ya İcarəçiyə təsir göstərə bilən hər hansı Fors Major halı daxil olmaqla, lakin bununla məhdudlaşmadan, Tərəflərdən asılı olmayan səbəblər üzündən bu Müqavilə üzrə hər hansı öhdəliklərin yerinə yetirilməməsi halında nə İcarədar, nə də İcarəçi bu Müqavilənin şərtlərini pozmuş sayılmır. Tərəflərdən hər hansının öz müqavilə öhdəliklərini pozması və ya ödəmə qabiliyyətinin olmaması özü-özlüyündə Fors Major hesab edilmir.

14.2. Fors Major halı ilə qarşılaşan Tərəf bu barədə xəbərdar olduğu gündən 5 gün ərzində belə bir halın baş verməsi və təfərrüatları haqqında digər Tərəfə xəbər verməlidir. Daha sonra qeyd olunan hal həmin Tərəfin öz müqavilə öhdəliyini icra etməsinə artıq mane olmadığı zaman bu barədə həmin Tərəf digər Tərəfə bildiriş göndərməlidir. Yaranmış şəraitdən asılı olan öhdəliklərin və hər hansı digər öhdəliklərin yerinə yetirilməsi üçün vaxt, xəbərdarlıq edən Tərəfin öz öhdəliklərini onları yerinə yetirmək üçün uzadılmış vaxtdan əvvəl yerinə yetirməyə səy göstərməsi şərtilə, qeyd olunan xəbərdarlıqlar arasındakı müddət qədər uzadılacaqdır.

14.3. 14-cü maddədə göstərilən hallardan hər hansı birinin baş verdiyi və bu halın on beş (15) gündən artıq müddətə davam etdiyi təqdirdə, Tərəflər növbəti addımları müzakirə etmək üçün görüşməyə razılıq verirlər. Əgər yeddi (7) gündən sonra (Fors-Major halının başlamasından 22 gün sonra) Tərəflər arasında çıxış yolu barədə heç bir razılıqəldə olunmazsa, istənilən Tərəfbu Müqaviləyə xitam vermək hüququna malikdir. Hər hansı Fors-Major halı bu Müqavilə üzrə ödənilməli məbləğlərin ödənişini dayandırmaq üçün səbəb olmamalıdır.
14.4. Fors-Major halının başlanması və müddəti haqqında müvaiq təsdiqləyici sənəd Fors-Major halı baş verən ölkənin müvafiq dövlət orqanı tərəfindən verilən təsdiqləyici sənəd hesab olunur.

MADDƏ 15
KONFİDENSİALLIQ


15.1. Tərəflər üzərlərinə bir-birlərinə təqdim etdikləri və ya bu Müqavilənin icrası gedişində əldə etdikləri bütün məlumatların tam konfidensial saxlanılmasına görə məsuliyyət daşıyırlar.

15.2 Bu Müqavilənin heç bir Tərəfi digər Tərəfin yazılı razılığı olmadan onun barəsində, fəaliyyəti, aparılan danışıqlar və s. haqqında hər hansı məlumatı hər hansı üçüncü tərəfə yazılı vəya şifahi şəkildə açıqlamamalıdır.

15.3.İcarəçi qəbul edir ki, İcarəyə verən, onun podratçıları, subpodratçıları, onların işçiləri, qonaqları və ya nümayəndələri ilə bilavasitə vəya dolayı əlaqədar olan bütün məlumat, və ya onun podratçı, subpodratçılarının və ya onların işçilərinin, qonaqlarının və ya nümayəndələrinin fəaliyyəti ilə birbaşa və ya dolayı yolla əlaqədar olan hər hansı məlumat, İcarəyə verən tərəfindən işləməyə buraxılış verilən rəsimlər, texniki şərtlər və sənədlər, eləcə də İcarəyə verənin, həmçinin bu Müqavilənin yerinə yetirilməsi zamanı və (və ya) onun nəticəsində İcarəçiyə açıqlanan və ya məlum olan hər hansı digər məlumat konfidensial məlumat hesab olunmalıdır (bundansonra «Konfidensial məlumat» adlandırılacaqdır). İcarəçi onun podratçı və ya sub-podratçıları, yaxud onun və ya onların əməkdaşları, qonaqları və nümayəndələrinin aşağıdakılara yol verməməsini təmin etməlidir:
• İcarəyə verənin əvvəldən yazılı razılığını almadan Konfidensial Məlumatla bağlı hər hansı elan və ya reklam vermək;

• İcarəyə verənin əvvəlcədən yazılı razılığı olmadan Konfidensial Məlumatı hər hansı üçüncü tərəfə açıqlamaq;

• Hər hansı Konfidensial Məlumatı bu Müqavilənin yerinə yetirilməsindən başqa hər hansı digər məqsədlərlə istifadə etmək;

• Hər hansı Konfidensial Məlumatın hər hansı üçüncü tərəf üçün sürətinin çıxarılması, çoxaldılması, üçüncü tərəfə verilməsi, üçüncü tərəf adından istifadə olunması və ya hər hansı Konfidensial Məlumatı üçüncü tərəfin diqqətlə nəzərdən keçirməsi, surətini çıxartması və istifadəsi üçün şərait yaratmaq.

15.4. İcarəçinin bu 15-cı maddədə göstərilən öhdəlikləri İcarəçi və ya onun podratçıları, subpodratçıları və ya onların işçiləri, yaxud qonaqları və ya nümayəndələrindən asılı olmayan səbəblərdən ictimaiyyətə məlum olan məlumata tədbiq olunmur.

15.5. İcarəçinin 15-ci maddə nəzərdə tutulan öhdəlikləri bu Müqavilənin müddətinin başa çatması, Müqavilədən ləğv olunması və ona xitam verilməsi hallarında da öz qüvvəsini saxlamalıdır.

15.6. İcarəçi onun öz öhdəliklərini yerinə yetirməməsi və (və ya) Konfidensial Məlumatın icazə olmadan açıqlanması və ya İcarəçi, onun podratçıları, subpodratçıları və ya onların işçiləri, qonaqları, yaxud nümayəndələri tərəfindən istifadə olunmasının İcarəyə verənə bərpa edilməsi mümkün olmayan ziyan vura biləcəyini başa düşür. İcarəçi bununla Konfidensial Məlumatı müvafiq qaydada və mövcud peşəkar standartlara uyğun olaraq qorumağa razılıq verir.

15.7.Müqavilənin 15-ci maddəsinin müddəaları bu Müqavilənin müddətinin başa çatması (ona xitam verilməsi) tarixindən sonra da Tərəflərin mövcud olduğu bütün müddətdə qüvvədə qalmalıdır.

15.8.Yuxarıda göstərilənlərə xələl gətirmədən, İcarəçi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət orqanının rəsmi tələbinə əsasən Konfidensial Məlumatı açıqlamaq hüququna malikdir.

MADDƏ 16
XİTAM


16.1. İstənilən Tərəf, qarşı Tərəf (öhdəliyini yerinə yetirə bilməyən) və ya öhdəliyini yerinə yetirə bilməyən Tərəfə zamin durmuş şəxs ödəniş qabiliyyətini itirərsə, müflis olarsa, ona inzibatçı təyin edilərsə yaxud müflisləşmə prosesinə başlayarsa müqaviləyə xitam vermək hüququna malikdir.

16.2. İcarəyə verən aşağıdakı hallarda 10 (on) gün əvvəldən bildiriş verməklə İcarəçiyə heç bir kompensasiya ödəmədən Müqaviləyə birtərəfli qaydada xitam verə bilər:

16.2.1. İcarəçi Avadanlıqdan düzgün istifadə etmədikdə;

16.2.2. İcarəçi Avadanlığın vəziyyətini pisləşdirərsə və ya onu zədələyərsə;

16.2.3. İcarəçi ən azı bir dəfə ödənişi gecikdirərsə və ya ödəniş tam şəkildə həyata keçirməzsə;

16.2.4. İcarəçi Avadanlığı təmir etdirməzsə;

16.2.5. İcarəçi Müqaviləni əhəmiyyətli dərəcədə pozarsa.

16.2.6. İcarəyə verənin Müqavilənin gözlənilən və ya faktiki icrası: (i) qeyri-qanuni olacaq; və ya (ii) Böyük Britaniya Rüşvət Aktını (2010) və ya ABŞ-ın Xarici Korrupsiya haqqında qanununu (1977) pozacaq; və ya (iii) hər hansı Tərəfə məcburi göstəriş vermək hüququ olan səlahiyyəti olan nəzarət orqanı tərəfindən belə tərəfin, onun əsas ana şirkətlərini, səhmdarlarını, direktorlarını və ya işçilərinə tətbiq edilmiş beynəlxalq sanksiyaları pozması kimi qiymətləndiriləcək.

16.3. Müqaviləyə İcarəçi tərəfindən xitam verilərsə İcarəçinin Avadanlığa sahiblik etməsi və ondan istifadə etməsinə dair İcarəyə verənin razılığına da xitam verilmiş olur. İcarəyə verən və ya onun səlahiyyətli nümayəndəsi, heç bir xəbərdarlıq vermədən və İcarəçinin hesabına Avadanlığı öz sahibliyinə qaytara bilər və bu məqsədlə Avadanlığın yerləşdiyi Sahəyə və ya hər hansı əraziyə daxil ola bilər. İcarəyə verənin təzminatla bağlı digər hüquqlarına xələl gətirməmək şərti ilə, Müqavilənin 5.1.-ci maddəsində göstərilən Təhvil-təslim aktı imzalandıaqdan sonra İcarəçi bütün İcarə Müddəti üçün İcarə xərclərinin əvəzini İcarəyə verənə ödəməlidir.

16.4. Müqaviləyə maddə 5.1-də öz əksini tapmış Təhvil-Təslim Aktının imzalanmasından əvvəl İcarəçi tərəfindən xitam verilərsə, İcarəçi Müqaviləyə xitam verilmə tarixinə qədər olan bütün xərcləri İcarəyə verənə ödəməyə razıdır.

16.5. İcarə müddəti ərzində, İcarəçinin Avadanlıq üzərində sahibliyinə qəsd edilməsi, Avadanlığın oğurlanması və ya zədələnməsi əsası ilə Müqavilənun ləğv ediləcəyinə dair İcarəyə verənin əsaslı şübhələri olarsa, İcarəyə verənin, Müqaviləyə bu bəndə uyğun xitam verilib-verilməməsindən asılı olmayaraq, Sahəyə daxil olmaq və Avadanlığı öz sahibliyinə qaytarmaq və məhkəmə qərarı olmadan Avadanlığı Sahədən çıxarmaq hüququ olacaq. İcarəyə verən Sahəyə belə daxil olması, Avadanlığı sahibliyinə qaytarması və Sahədən çıxarması ilə bağlı hər hansı məsuliyyət daşımayacaq. İcarəyə verənin Sahəyə daxil olaraq Avadanlığı sahibliyinə qaytarması İcarəçiyə yazılı xəbərdarlıq vermək tələbindən azad şəkildə Müqaviləyə xitam verməsi hüququndan istifadə kimi qiymətləndiriləcək.
İcarəyə verənin Avadanlığı bu şərtlərlə sahibliyinə qaytarması icarə haqqından imtina kimi qiymətləndirilməməlidir. Bu Müqavilə üzrə İcarəçinin öhdəliklərini yerinə yetirməməsi halında, İcarəçinin öhdəliyi yerinə yetirməməsi ilə bağlı İcarəyə verənin Müqavilədə nəzərdə tutulan hər hansı hüququna xələl gətirmədən, ödənişləri qəbul etmək hüququ var.

MADDƏ 17
ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR


Bu Müqaviləyə edilən bütün əlavəvə dəyişikliklər yazılı şəkildə hazırlandığı və Müqavilə üzrə Tərəflərin onları imzaladığı təqdirdə etibarlıdır.

MADDƏ 18
HÜQUQLARDAN İMTİNA


İcarəyə verən tərəfindən yazılı şəkildə imtina sənədi təqdim olunmadıqda İcarəyə verən bu Müqavilənin heçbir müddəasından imtina etmiş hesab edilə bilməz. Belə bir imtina sənədinin heç biri həmin sənəddə açıq şəkildə göstərilmədiyi təqdirdə keçmişdə vəya gələcəkdə öhdəliklərin yerinə yetirilməməsi, bu Müqavilənin hərhansı şərtlərinin, müddəalarının vəya razılaşmanın pozulması vəya dəyişdirilməsi ilə bağlı hüquqlardan imtina sənədi sayıla bilməz.

MADDƏ 19
AYRILMA


Bu Müqavilənin hər hansı müddəası qanunvericiliklə və ya məhkəmə qərarı ilə etibarsız elan olunduğu təqdirdə, bu qalan müddəalara heç bir təsir etməməli və onlar öz hüquqi qüvvəsini saxlamalıdır.

MADDƏ 20
TƏTBİQ OLUNAN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ


20.1. Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalı və Müqavilə ona uyğun təfsir olunmalıdır.

20.2. Bununla Tərəflər razılığa gəlirlər ki, Tərəflər arasında danışıqlar yolu ilə həll oluna bilməyən bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə, müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll olunacaqdır.

MADDƏ 21
BİLDİRİŞ


Bu Müqavilə üzrə Tərəflərdən birinin digərinə göndərəcəyi hər hansı bildiriş çatdırılma vasitəsilə və ya sifarişli poçt xidməti və ya birinci dərəcəli məktub poçt xidməti vasitəsilə digər Tərəfin son məlum olan ünvanına və ya faks vasitəsilə digər Tərəfin son məlum olan faks nömrəsinə və ya elektron poçtu vasitəsilə digər Tərəfin son məlum olan elektron poçt ünvanına göndərilə bilər. Bildiriş çatdırıldığızaman, sifarişli poçt xidməti və ya birinci dərəcəli poçt xidməti vasitəsilə yollandığı zaman bildirişin müvafiq qaydada ünvanlandığı, möhürləndiyi və yollandığı vaxtdan qırx səkkiz (48) saat sonra alınmış hesab edilməlidir. Faks vasitəsilə göndərildiyi zaman faks yollandıqdan sonra bütün səhifələrin qəbul olunduğunu göstərən hesabat göndərən tərəfindən alındıqdan sonra, elektron poçtu vasitəsilə göndərildiyi halda elektron məktubun Bazar ertəsi günündən Cümə gününə qədər («Həftə günləri») səhər saat 5.00-dan gündüz saat 13.00-a qədər olan vaxt ərzində göndərilməsi şərtilə, düzgün ünvana göndərildikdən 4 saat sonra, saat 13.00-dan sonra göndərildikdə növbəti Həftə günü səhər saat 9.00-da, həmin Həftə günü səhər saat 5.00-dək göndərildikdə isə həmin Həftə günü səhər saat 9.00-da qəbul olunmuş hesab ediləcəkdir.